Telefon: +99412 449-62-56; Çağrı mərkəzi- 960;
Respublika Elmi-Texniki Kitabxanasında “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirilmişdir

Respublika Elmi-Texniki Kitabxanasında “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirilmişdir

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirilmişdir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə daim fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə çıxışlar dinlənilmiş, Ulu Öndərin bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul olunduğu vurğulanmışdır.

2023-cü ilin ilk günlərindən Respublika Elmi-Texniki Kitabxanasının foyesində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş “Heydər Əliyev guşəsi” yenilənmiş və yeni ədəbiyyatla zənginləşdirilmişdir. İl ərzində həmçinin “Elm, mədəniyyət, qadın Heydər Əliyevin diqqətində”, “Odlar yurdu Azərbaycan!”, “Heydər Əliyev və elmi inkişaf” mövzularında tədbirlər və SOCAR-ın “Kompleks qazma işləri” trestində səyyar kitabxana sərgisi təşkil edilmişdir.

2023-cü il 19-20 aprel tarixlərində RETK-da “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” və “Beynəlxalq Əqli Mülkiyyət Günü”nə həsr edilmiş kitab sərgisi keçirilmişdir. Sərgidə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun müəllifi olduğu ədəbiyyat, həmçinin RETK-nın fonduna məxsus olan, elm və texnikanın müxtəlif sahələrini - fəlsəfə, sosiologiya, statistika, tarix, memarlıq, ekologiya, İnformasiya texnologiyaları, təbiət elmləri, riyaziyyat, fizika, kimya, geologiya, neft, energetika, maşınqayırma, elektrotexnika, maşınqayırma cihazları, nəqliyyat, müəssisələrin idarə edilməsi, kənd təsərrüfatı, yüngül sənaye, inşaat materialları, incəsənət və digər sahələriəhatə edən kitab, kitabça, atlas və jurnallar nümayiş olunmuşdur.

Sərginin açılışında Əqli Mülkiyyət Agentliyinin məsul şəxsləri - S.Tapdıqov, X.Həsənli, A.Nəsirov, F.Cəfərov, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin rəhbərliyi və tələbə heyəti, Azərbaycan Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Texniki Universitetinin və bu ali məktəbin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin, Akademik Zərifə Əliyeva adına liseyin təmsilçiləri iştirak etmişlər.

Tədbirdə çıxış edən RETK-nın direktoru M.Məmmədli bildirmişdir ki, bu gün əqli mülkiyyət hüquqlarının təminatı milli irsin, milli özünəməxsusluğun və adət-ənənələrin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsinin mühüm şərti kimi səciyyələnir. Bu sahədə güclü qanunvericilik və idarəçilik sistemi mövcuddur ki, onun da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

May ayında RETK-da “Heydər Əliyev və kitabxana” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin kitabxana sahəsində gördüyü çox dəyərli işlərdən danışılmışdır. Ölkəmizdə yüksək ixtisaslı kitabxanaçı kadrların hazırlanması,ləğv edilmiş kitabxanaların bərpası, yeni kitabxanaların açılması ,qısa vaxtda BDU-da fəaliyyət göstərən kitabxanaçılıq fakültəsinin genişləndirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi kimi əvəzolunmaz işləri böyük iftixar və minnətdarlıq hissi ilə xatırlanmışdır.

Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan dahi Heydər Əliyevin adı xalqımızın qəlbində əbədi yaşayacaqdır.

TvininqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×