Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan RETK-da Bakı Dövlət Universitetinin bakalavriat pilləsinin son kursunda təhsil alan tələbələrin istehsalat təcrübəsi başa çatıb

Respublika Elmi-Texniki Kitabxanasında (RETK) BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin bakalavriat pilləsinin sonuncu kursunda təhsil alan 12 tələbənin istehsalat təcrübəsi yekunlaşıb. 22 və 25 may tarixlərində kitabxananın oxu zalında tələbələrin təcrübənin yekunlarına həsr olunmuş hesabatı dinlənilib.
RETK-nın direktoru Mübariz Məmmədli təcrübə müddətində tələbələrin kitabxana resurslarının elektronlaşması, skanerlə iş, oxucularla ünsiyyət, həmçinin elektron əlaqənin qurulması, kitabxana terminləri və spesifik iş üsulu barədə kitabxananın təcrübəli əməkdaşlarından lazımi bilikləri əldə etdiklərinə ümidvar olduğunu bildirdi.
Agentliyin İdarə Heyətinin sədrinin müşaviri Akif Nəsirov tələbələrə uğurlar arzulayaraq onların gələcək fəaliyyətlərində RETK-da qazandıqları biliklərin mühüm rol oynayacağına əminliyini ifadə edib.
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin “Kitabxana və informasiya resurslarının idarə edilməsi” kafedrasının müəllimi Ulduz Manafova yaradılan şəraitə və diqqətə görə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyinə və RETK- nın kollektivinə təşəkkür edərək təcrübənin yüksək səviyyədə təşkil edildiyini və yenidən əməkdaşlıq etmək arzusunda olduqlarını qeyd etdi.
Tələbələr Kitabxana haqqında hazırladıqları qısa videotəqdimatı nümayiş etdirərək, yaradılan şəraitə və dəstəyə görə kollektive minnətdarlıqlarını bildirdilər.
Sonda istehsalat təcrübəsini uğurla başa vuran 12 tələbəyə sertifikat təqdim edildi, xatirə şəkli çəkdirildi.
















