BDU-nun magistrantı dissertasiya işini Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinə həsr edib

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin magistrantı Aysel Verdiyeva magistr dərəcəsi almaq üçün yazdığı dissertasiya işini Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinə həsr edib.
Universitetin “Kitabxanaşünaslıq” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru E.Əhmədovun elmi rəhbərliyi ilə hazırlanmış, “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) patent və ixtira sənədlərinin menecmenti” mövzusunda dissertasiya işi üç fəsildən ibarətdir.
A.Verdiyeva dissertasiya işində RETK-nın yaranması, inkişaf mərhələləri, maddi-texniki bazası, kitabxana-informasiya xidmətinin təşkili xüsusiyyətləri, kitabxana proqramlarının tətbiqi barədə geniş məlumat verib. O ilk dəfə olaraq patent və ixtira sənədlərinin profilə uyğun yayılması məsələsini dissertasiya səviyyəsində təhlil edib. Magistrant RETK-da patent və ixtira sənədlərinin mütəxəssislərə çatdırılması metodikasını diqqətlə araşdırıb. Həmçinin dissertasiya işində patent və ixtira sənədlərinin yeni kitabxana proqramları ilə yerləşdirilməsi və kitabxana-informasiya təbliğinin texnoloji modelinin üstünlükləri təhlil olunub.
A.Verdiyevanın magistr dissertasiyası ixtisaslaşdırılmış şura tərəfindən yüksək qiymətləndirilib.





