“İsa bəy Hacınski” monoqrafiyası Respublika Elmi-Texniki Kitabxanasına təqdim olunub

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı neft maqnatları içərisində yeganə bəy tituluna sahib İsa bəy Hacınskinin nəticəsi Nuridə İsmayılzadə Respublika Elmi-Texniki Kitabxanasına “İsa bəy Hacınski” adlı monoqrafiyasını təqdim edib. Arxiv sənədləri əsasında ərsəyə gəlmiş əsər bütün həyatını Azərbaycan xalqının rifahına həsr etmiş böyük şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edir. Kitabda İsa bəy Hacınskinin nəsil şəcərəsindən başlayaraq onun dövlət strukturlarında – Bakı Dumasında, Bakı şəhərinin ictimai həyatında fəaliyyəti, onun sahibkarlıq, xeyriyyəçilik və maarifçilik sahəsində gördüyü işlər öz əksini tapmışdır. Nuridə İsmayılzadənin ulu babası İsa bəy hacınskiyə həsr etdiyi “ İsa bəy Hacınski” monoqrafiyası XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan tarixinin tədqiqi işinə mühüm bir töhfədir.






