Əqli Mülkiyyət Agentliyində Şəhidlər anıldı

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri K.İmanovun göstərişi ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) Respublika Xatirə Kitabı redaksiyası ilə birlikdə “Şəhidlər unudulmur” adlı 27 sentyabr “Şəhidlərin anım günü”nə həsr edilmiş Dəyirmi masa və kitab sərgisi keçirilib. Dəyirmi masada Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri A.Təvəkküloğlu, Azərbaycan İstiqlal Muzeyinin Elmi Fond şöbəsinin böyük elmi işçisi A.Tağıyeva, Xatirə Kitabı redaksiyası və RETK əməkdaşları iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və qəhrəman şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Respublika Elmi-Texniki Kitabxanasının direktoru M.Məmmədli 27 sentyabr tarixinin 44 gün sonra 5 illiyini qeyd ediləcək şanlı Zəfərə aparan ilk addım olduğunu qeyd edib. Bu tarix Azərbaycanın cəsur oğullarının mübarizə əzminin nümayiş edilməsinin ilk günü olmaqla bərabər hazırda torpaqlarımızın işğaldan azad olunması , dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canından keçmiş şəhid bacı və qardaşlarımızın “Anım” gününə çevrilib.
Xatirə Kitabı redaksiyasının baş redaktoru N.Məmmədova redaksiyanın gördüyü işlər haqqında geniş məlumat verib və qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin məsləhəti ilə fəaliyyətə başlayan Xatirə Kitabı redaksiyası II Dünya Müharibəsində əsir və itkin düşmüş həmvətənlərimiz haqqında məlumatları toplayıb və 17 cildlik kitab ərsəyə gətirib. Redaksiya Əfqanıstan döyüşlərində, 20 yanvar, Xocalı, I və II Qarabağ döyüşlərində şəhid olmuş, əsir və itkin düşmüş soydaşlarımıza həsr olunmuş kitablar nəşr edib, qısametrajlı filmlər çəkib.
Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı A.Tağıyeva şəhidlərin əbədiləşdirilməsi məqsədilə onlara məxsus əşyaların muzeyə gətirilməsinin çətinliyindən danışıb. Həm “İstiqlal”, həm “Zəfər” muzeylərinə daxil olmuş eksponatların dövlətimiz tərəfindən əbədi qorunması və gələcək nəsillərə çatdırılması işinin böyük məsuliyyət olduğunu vurğulayıb.
Respublika Elmi-Texniki Kitabxanasının direktor müavinin S.Rəsulova Azərbaycanın əzəli torpaqların işğal etmiş təcavüzkar qüvvələrdən danışaraq qeyd edib ki, 44 günlük müharibədən əvvəl məsələnin sülh yolu ilə həlli üçün gərəkli işlər görülsə də, heç bir nəticə əldə olunmayıb. Prezident Cənab İlham Əliyevin başçılığı altında Azərbaycanın müzəffər Ordusu işğal altında olan torpaqlarımızı geri qaytarıb. 30 ilin həsrətinə, 30 ilin utanc hissinə son qoyulub. Qazanılan şanlı zəfərə görə qəhrəman şəhidlərə, qazilərə borcluyuq!
Sonda Xatirə Kitabı redaksiyasının çəkdiyi şəhid Məhəbbət Quliyevə həsr edilmiş qısametrajlı film izlənilib.













