Respublika Elmi-Texniki Kitabxanasında Neft Mühəndisləri Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) Neft Mühəndisləri Cəmiyyətinin (SPE- Society of Petroleum Engineers) nümayəndələri ilə görüş keçirilib.
Kitabxananın direktoru M.Məmmədli görüşün əhəmiyyətindən danışıb, RETK və burada saxlanılan ədəbiyyat barədə qonaqlara ətraflı məlumat verib. O, qeyd edib ki, bir əsrə yaxın tarixi olan bu bilik xəzinəsində elm və texnikanın bütün sahələrini əhatə edən yerli və xarici nəşrlər xüsusi qayğı ilə mühafizə olunmaqdadır. Ölkəmizin neft tarixini əks etdirən, nadir ədəbiyyat nümunələri ilə zəngin olan Neft Fondu, yaradıcı insanların ixtiraları əsasında formalaşan patent fondu, xarici ədəbiyyat fondları oxucuların istifadəsinə verilib.
Cəmiyyətin nümayəndələri təmsil etdikləri qurumun fəaliyyətindən söz açıblar. Bildirilib ki, 1957-ci ildə yaradılmış və 132 mindən çox üzvü olan Neft Mühəndisləri Cəmiyyəti hazırda dünyanın 140-dan çox ölkəsində fəaliyyət göstərir. Onun üzvləri arasında mühəndislər, geoloqlar, geofiziklər, tədqiqatçılar və enerji sənayesinin digər sahələrində çalışan mütəxəssislər var. Cəmiyyət “SPE OnePetro”rəqəmsal kitabxanası vasitəsilə minlərlə elmi və texniki məqaləyə çıxış imkanı təqdim edir.
Qeyd olunub ki, SPE Azərbaycan Bölməsi 1997-ci ildən fəaliyyət göstərir və neft-qaz sahəsində çalışan mütəxəssislərin peşəkar inkişafına dəstək verir. Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və eyni zamanda Xəzər Universitetində tələbə bölməsi fəaliyyət göstərir.
RETK ilə əlaqələrin yaranmasında maraqlı olduqlarını vurğulayan qonaqlar belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Sonda qonaqlar kitabxananın fondu və burada saxlanılan nadir kitablarla tanış olublar. Görüş Neft Fondunda saxlanılan tarixi kitablar barədə müzakirələrlə başa çatıb.









