XI Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Elmi-Texniki Kitabxanası iştirak edir

Oktyabrın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib. Əqli Mülkiyyət Agentliyinin tabeliyində fəaliyyət göstərən Respublika Elmi-Texniki Kitabxanası da sərgidə iştirak edir. Kitabxana öz stendində rus dilində 31, azərbaycan dilində 27, ingilis dilində 5 kitab və 5 jurnal olmaqla ümumilikdə 68 çap məhsulunu sərgi iştirakçılarına təqdim edib.
Eyni zamanda Əqli Mülkiyyət Agentliyinin sədri professor Kamran İmanovun müəllifliyi ilə nəşr olunmuş 127 kitab da sərgi çərçivəsində nümayiş etdirilir. Sərginin builki mövzusu “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” şüarı altında keçirildiyindən, Respublika Elmi-Texniki Kitabxanası tərəfindən süni intellekt mövzusuna aid xüsusi əl işi də ziyarətçilərin diqqətinə səbəb olub. Respublika Elmi-Texniki Kitabxanasının sərgidə iştirakı ölkəmizin intellektual və mədəni həyatında elmi biliklərin yayılmasına, texnoloji yeniliklərin təbliğinə, həmçinin mütaliə mədəniyyətinin inkişafına mühüm töhfə kimi qiymətləndirilir.













