Zəfərə aparan yollar

6 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) 8 noyabr Zəfər Günü ilə əlaqədar “Zəfərə aparan yollar” adlı tədbir və kitab sərgisi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
RETK-nın direktoru M.Məmmədli tədbir iştirakçılarını salamladıqdan sonra 8 noyabr Zəfər Gününün tarixi əhəmiyyətindən danışıb. Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ni işğal etmiş Ermənistanın növbəti təxribat və terror hərəkətlərinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Vətən müharibəsinə qalxdı. 44 gün davam edən bu mübarizə Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması ilə başa çatdı, şanlı Zəfər qazanıldı.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin aparat rəhbəri X. Həsənli öz çıxışında Azərbaycanın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsinə çevrilmiş 8 noyabr gününün Ali Baş Komandan Cənab İlham Əliyevin, rəşadətli Azərbaycan Ordusunun və qüdrətli xalq birliyinin təzahürü olduğunu qeyd edib.
RETK-nın Abonentlərə xidmət üzrə direktor müavini S.Rəsulova şanlı Zəfər tarixi mövzusunda məruzəsində qeyd etdi ki, Azərbaycan xalqı ötən 30 il ərzində işğalla barışmayıb və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz mübarizə əzmi göstərib. Nəhayət, 2020-ci ilin noyabr ayının 8-də tarixi ədalət bərpa oldu, Azərbaycanın işğal altında qalan torpaqları həqiqi sahibinə qovuşdu.
Tədbirin sonunda “Zəfərə aparan yollar” adlı videoçarx nümayiş etdirildi.








