11-22 noyabr - “COP29: Bakının iqlim Diplomatiyasındakı Tarixi Nailiyyəti”
COP29-un uğurlu nəticələri COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir! Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazimi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.
COP29-da “İtki və Zərər Fondu” tam işlək vəziyyətə gətirildi: Bu fond, iqlim dəyişikliklərinin təsirlərinə ən çox məruz qalan ölkələrə yardım etmək üçün mühüm addımdır. Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq.
Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan “Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG)” şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Bu tədbir Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirilir.
COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi hədəfi seçilib. “Bakı Maliyyə Məqsədi” əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir. Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində “Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları” üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi.
Bu nailiyyətlər Azərbaycan beynəlxalq arenada mövqeyini daha da gücləndirdi və ölkənin iqlim məsələlərinə töhfəsini nümayiş etdirdi.
Prezident İlham Əliyevin COP29-la bağlı gördüyü işlər və rəhbərlik etdiyi təşəbbüslər Azərbaycanın beynəlxalq arenada iqlim dəyişikliklərinə qarşı mübarizədə aparıcı rolunu təsdiq edir. İlham Əliyevin liderliyi altında Bakı COP29, həm təşkilatçılıq, həm də nəticələr baxımından dünya miqyasında nümunəvi bir tədbir kimi tarixə düşdü.
12 dekabr 2024-cü il tarixdə Respublika Elmi-Texniki Kitabxanasında (RETK)Müasir Müstəqil Azərbaycanın qurucusu, xalqımızın müdrik oğlu Ümummilli Lider Heydər Əliyevin Anım günü keçirilib.
Tədbirdə RETK-nın direktoru M.Məmmədli bu böyük insan, dahi şəxsiyyət, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çıxış edib və qeyd edib ki: “Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 21 il ötür. Bu zaman ərzində ölkəmizdə və dünyada çox ciddi dəyişikliklər baş verib. Dəyişməyən Azərbaycan xalqının Heydər Əliyev şəxsiyyətinə, onun siyasətinə olan sədaqəti və böyük sevgisidir. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi xalqımızın tarixində yeni eranın başlanğıcı oldu və Azərbaycan geri qalmış ucqar subyektdən SSRİ-nin iqtisadi flaqmanına çevrildi, mədəniyyət, incəsənət, ədəbiyyat intibah dövrünə qədəm qoydu. Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita müstəqilliyimizin bərpası, ölkəmizin suverenliyi üçün prioritetə çevrildi”.
Tədbirdə Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gətirdiyi “Liderin ürəyi” adlı film nümayiş etdirildi. Ulu Öndərin 100 illik yubileyinə töhvə olan bu sənədli filmdə M.Qusmanın vaxtı ilə Bill Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bleyer, Zbiqnev Bjezinski və digər dünya siyasətçilərilə Heydər Əliyev barədə apardığı söhbətlər də yer alıb.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Azərbaycan bayrağının azad edilmiş Şuşada, bütün Qarabağda dalğalanması idi. 2020-ci il noyabr ayının 8-də “ata vəsiyyəti”nə sadiq olan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və əsası Heydər Əliyev tərəfidən qoyulmuş hərbi məktəblərin yetişdirmələrindən ibarət Azərbaycanın Müzəffər Ordusu üçrəngli bayrağımızı Qarabağda, Şuşada dalğalandırdı.
İllər, əsrlərkeçəcək, ömrünü Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, inkişafına, gündən-günə çiçəklənməsinə həsr etmiş Ulu Öndərin əziz xatirəsi xalqımızın ürəyində daim hörmət və ehtiramla yad ediləcək.