20 yanvar faciəsindən 35 il ötür

Azərbaycan Respublikası Əqli Mülkiyyəti Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki
Kitabxanasında (RETK) 20 yanvar faciəsinin 35 illiyinə həsr edilmiş sərgi və tədbir keçirilmişdir. Sərgidə bu
qanlı faciəni özündə əks etdirən azərbaycan , rus və ingilis dilində ədəbiyyat nümayiş etdirilmişdir.
Tədbirdə RETK-nın direktoru Mübariz Məmmədli çıxış edərək qeyd etmişdir ki, 1990-cı il yanvar
ayının 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş misli görünməyən qəddarlıq
nəticəsində günahsız insanlar öldürülmüş, xəsarət almış və həbs edilmişdir. Ölkəmizə qarşı ərazi iddiaları
irəli sürən erməni təcavüzkarlarının və onların havadarları olan SSRİ rəhbərliyinin mövqeyinə öz etirazını
bildirmək üçün küçələrə çıxan əliyalın insanlar xüsusi amansızlıqla qətlə yetirilmişdilər.Lakin bununla
Azərbaycan xalqının mübarizə əzmini qıra bilməmiş, bundan sonra atdığı addımlarını daha da
möhkəmləndirmişdir.
1990-cı il yanvarın 20-də Azərbaycan müstəqilliyi və azadlığı uğrunda ilk şəhidlərini verdi. Bu gün
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi kimi qəbul edilmişdir. Çıxışının sonunda M.Məmmədli
demişdir: “ Qazanılan zəfərlər itkisiz ötüşmür, 2020-ci ildə baş vermiş 44 günlük müharibədə işğal altında
olan torpaqlarımız geri alındı və Azərbaycan tarixində şanlı qələbə səhifəsi yazıldı. Ali Baş Komandan
Cənab İlham Əliyevin siyasi strategiyası, rəşadətli Azərbaycan Ordusunun dəmir iradəsi və qüdrətli xalq
birliyinin nəticəsi olaraq ərazi bütövlüyümüz bərpa oldu. “
Tədbirin sonunda rejissor Elxan Cəfərovun çəkdiyi “20 yanvarda doğulanlar” adlı bədii-sənədli film
izlənilmişdir.