30 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının əməkdaşları Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib

XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakı şəhərinin planlaşmasında və layihələndirilməsində misilsiz xidmətlər göstərmiş Polşa əsilli memar İosif Qoslavskinin anadan olmasının 160 illiyi ilə əlaqədar memarın müəllifi olduğu binada, Bakı milyonçusu və böyük xeyriyyəçi Hacı Zeynalabdın Tağıyevin evində muzey əməkdaşları ilə birgə tədbir keçirilib. Tədbiri Respublika Elmi-Texniki Kitabxanasının direktoru M.Məmmədli giriş sözü ilə açaraq, Bakının Neft bumu dövründə ictimai-siyası və mədəni həyatından bəhs edib. Milli Azərbaycan Tarixi Muzeyinin Ekspozisiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru B.Sailov və muzeyin Xüsusi Fondunun müdiri tarix üzrə fəlsəfə doktoru A. Rüstəmbəyova Tağıyev Sarayının tarixindən, binanın memarlıq üslubunun özəlliklərindən geniş məlumat veriblər. RETK-nın Abonentlərə xidmət üzrə direktor müavini S.Rəsulova öz çıxışında Bakı şəhərinin planlaşmasında rolu olan memarların - Qasım bəy Hacıbababəyov, Məşədi Qafar İsmayılov, N.G.Bayev, K.Skureviç, N.fon der Nonne, İ.Ploşkonun şəhərimizə möhtəşəm görünüşlü memarlıq abidələri bəxş etməsindən danışmış, kitabxananın Kütləvi işlər və təbliğat şöbəsinin müdiri A.Qənbərova İ.Qoslavskinin Bakı Dumasının (hazırda Bakı Şəhər İcra Hakimiyyətinin binası), İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbinin (hazırda AMEA-nın Əlyazmalar İnstitutunun binası), H.Z.Tağıyev sarayının (hazırda Milli Azərbaycan Tarixi Muzeyinin binası) və digər təkrarsız layihələrin həyata keçməsinə müvəffəq olmasından bəhs edib.
Tədbirdə memar İ.Qoslavskiyə həsr olunmuş videoçarx nümayiş etdirilib.