Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 27 sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi Texniki Kitabxanasında (RETK) 27 sentyabr – Azərbaycan Respublikasında Anım Günü münasibətilə “Bu vətən, bu torpaq unutmaz sizi” adlı tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçmiş igid oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi barədə qərarından danışıb.
Azərbaycan Respublikası “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli qərarı ilə məhz hərbi münaqişə və məhəlli müharibələrdə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün Respublika “Xatirə Kitabı” nəşriyyat-redaksiyasının yaradılması barədə söhbət açıb. Bu vaxta qədər Respublika “Xatirə kitabı” redaksiyasında İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız və Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar əldə edilərək bir sıra kitablar nəşr edildiyini bildirib. Bütünlükdə bu şəxslərin adlarının əbədiləşdirilməsi Respublika “Xatirə kitabı” redaksiyasının ümdə işi olduğunu və redaksiyanın hazırda da bu istiqamətdə araşdırma işlərini davam etdirdiyini vurğulayıb.
Tədbirdə Respublika “Xatirə kitabı” redaksiyası əməkdaşlarının hazırladığı bir sıra qısametrajlı filimlər nümayiş etdirilib.