Respublika Elmi-Texniki Kitabxanası – üç əsrin yaddaş saxlancı
Respublika Elmi-Texniki Kitabxanasının (RETK) yaranma tarixi ötən əsrin 20-ci illərinə təsadüf edir. Bir əsrə yaxın tarixi olan kitabxanada elm və texnikanın bütün sahələrini əhatə edən yerli və xarici nəşrlər, o cümlədən kitab, jurnal, qəzet, broşür və digər çap nümunələri qorunub saxlanmaqdadır. Azərbaycanın neft tarixini əks etdirən, nadir ədəbiyyat nümunələri ilə zəngin olan Neft Fondu, yaradıcı insanların ixtiraları əsasında formalaşan patent fondu, xarici ədəbiyyat fondları yenidən yığılaraq oxucuların istifadəsinə verilib.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli Fərmanı ilə Elmi-Texniki Kitabxana Əqli Mülkiyyət Agentliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinin 2019-cu il 28 dekabr tarixli Qərarı ilə kitabxana “Respublika” statusu alıb.
RETK-nın ümumi fondu 14 milyona yaxın çap nüsxəsindən ibarətdir. Fond müxtəlif dövlət müəssisələrindən, nəşriyyatlardan, şirkətlərdən, kitab mağazalarından daxil olan, həmçinin müəlliflər və oxucular tərəfindən hədiyyə edilən kitablar, dünyanın 35 ölkəsinin beynəlxalq və Avropa patent idarələrinin 27 dildə sənədləri, keçmiş SSRİ-nin patent ədəbiyyatı hesabına komplektləşdirilir.
Kitabxananın “Nadir nüsxələr” fondunda əsasən 1878-1940-cı illəri əhatə edən 3621 nüsxə ədəbiyyat saxlanılır. Bunların əsas hissəsi neft-kimya sahəsi, eləcə də memarlıq, inşaat, riyaziyyat, fizika, elm və texnikanın digər sahələri üzrə ədəbiyyat və ensiklopedik lüğətlərdən ibarətdir. Fondda qorunan ən qədim nəşr 1878-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində çapdan çıxmış “Türküstan diyarının geoloji materialları” kitabıdır.1898-ci ildən “Neftyanoye delo” (“Neft işi”), 20-əsrin əvvəllərindən “Azərbaycan neft təsərrüfatı” adı altında Azərbaycan və rus dillərində nəşr olunan jurnalın bu günədək çapdan çıxmış bütün nömrələri RETK-nın fondlarında saxlanılır. Bu nəşrdə neft sənayesi haqqında qəbul edilən qanun və qərarlar, neft işinin xronologiyası (quyuların qazılması, neftin hasilatı, emal edilməsi, neft məhsullarının ticarəti), statistika, neft sənayesi şirkətlərinin hesabatları və digər məlumatlar dərc olunub.
Bundan əlavə “Nadir nüsxələr” fondunda neft sənayeçilərinin qurultaylarının kitab-topluları qorunur. Bu nəşrlərin hər birində Abşeron yarımadasının neftli torpaqlarının (Balaxanı, Bibiheybət, Ramana, Qala və s.) plan və xəritələri, neft quyularının hasilatı, aylıq və illik göstəriciləri cədvəl və diaqramlarla təqdim olunub.
Bu gün kitabxanada 14 müvafiq şöbə, beş bölmə oxuculara xidmət göstərir. Kitabxananın sosial şəbəkə hesabları və rəsmi saytı (https://retk.copat.gov.az) da oxucular üçün əlçatandır. Sayt vasitəsilə, kitabxananın fondlarında saxlanılan nüsxələrin PDF formatında elektron kataloqda yerləşdirilmiş variantları ilə tanış olmaq və onlardan istifadə etmək mümkündür. Həmçinin saytın “Biblioqrafiya” bölməsində oxucuların informasiya tələbatının ödənilməsi məqsədilə yaradılmış biblioqrafik göstəricilər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) haqqında ölkə mətbuatında dərc olunmuş aktual mövzularda məqalələri əhatə edir.
Hazırda kitabxananın Gəncə şəhərində filialı fəaliyyətdədir. İşğalla əlaqədar fəaliyyətini dayandırmış Qarabağ filialının isə qapılarını yenidən öz oxucularının üzünə açacağı gün çox da uzaqda deyil.