Respublika Elmi-Texniki Kitabxanasının elm və bilik xəzinəsini qoruyanlar

Kitabxanaların yaranmasını insanlar ilk günlərdən böyük maraqla qarşılayıblar. Elm və biliklərə yiyələnmək, bədii ədəbiyyatdan zövq almaq istəyənlər həvəslə bu məkanlara üz tutmuş, öz bilik və bacarıqlarını daim artırmışlar. Sirr deyil ki, zaman-zaman insanlığa, bəşəriyyətə xidmət etmiş alim və araşdırıcılar kitabxanalarda ərsəyə gələn tədqiqatları ilə yüksək elmi nailiyyətlərə imza atmışlar.
Bu gün xalqımızın malik olduğu milli-mənəvi, tarixi-mədəni, ədəbi-bədii və elmi-texniki irsin toplanıb saxlanılmasında, uğurlu nəticələrin qorunaraq təbliğ edilməsində və gələcək nəsillərə ötürülməsində əvəzsiz rolu olan kitabxanaların qadın əməkdaşlarının danılmaz zəhməti var. Ulu Öndər Heydər Əliyev istedadlı Azərbaycan qadınlarını dövlət quruculuğunda, ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında daim irəli çəkərək qeyd edirdi: “Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın müstəsna rolu vardır”. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu xüsusda öz çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadınını bütün dünyada böyük qürür hissi və ləyaqətlə təmsil edir.
Qeyd etmək lazımdır ki, mövcudluğu dövründə çətin mərhələlərdən keçərək elektronlaşma sisteminə qədəm qoymuş, bu gün Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının kollektivinin əhəmiyyətli hissəsini də qadınlar təşkil edir.
Hazırda RETK-nın fondlarında elmi-texniki ədəbiyyatdan savayı, həm də əhəmiyyətinə görə nadir kitablar saxlanılır və bu kitabların sözün əsl mənasında mühafizəçiləri kitabxananın 76 nəfərdən ibarət xanım əməkdaşlarıdır. RETK-nın fondlarının zənginləşməsində və yeni elmi-texniki ədəbiyyatla təmin edilməsində, həmçinin ötən illərdə və indi müəllif hüququ almış ixtira və patent sənədlərinin qorunub saxlanılmasında mühüm rol oynayan bütün əsas şöbələrin müdirləri də qadınlardır. Kollektivin ən təcrübəli xanım əməkdaşı 70, ən gənci isə 21 yaşındadır. Kitabxananın 2 cavan əməkdaşı nəzəri və praktik bilik və bacarıqlarını artırmaq üçün ali təhsilin müvafiq pilləsində təhsilini davam etdirir.
Bu gün Azərbaycan Respublikası Prezidentinin ölkədə kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı tarixi sərəncamları fonunda Əqli Mülkiyyət Agentliyinin diqqət və qayğısı ilə RETK-nın kollektivi bu elm və bilik saxlancının əvvəlki şöhrətini özünə qaytarmağı qarşısına məqsəd qoyub.